Çinin Kommersiya Nazirliyi ölkənin ABŞ-nin 10 şirkətini ixrac nəzarəti siyahısına əlavə edib.
AZƏRTAC nazirliyin açıqlamasına istinadla xəbər verir ki, bu tədbir milli təhlükəsizliyi və maraqları qorumaq, eləcə də silahların yayılmaması kimi beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün görülüb.
Qərarın elan olunmasından sonra ixrac operatorlarına “Red Cat Holdings, Inc.”, “Teal Drones, Inc.”, “Aveox Inc” də daxil olmaqla siyahıya yeni əlavə olunan qurumlara ikili təyinatlı məhsulların ixracı qadağan edilib. İstənilən ölkədən olan təşkilatlar və fərdlərə Çin mənşəli ikili təyinatlı əşyaları yuxarıda qeyd olunan şirkətlərə ötürmək və ya təqdim etmək də qadağan edilib. Sözügedən şirkətlərə hazırda davam edən ixrac dərhal dayandırılacaq.
Nazirliyin açıqlamasında bildirilib ki, bu tədbir ABŞ hökumətinin qondarma “Çin ordusu ilə əlaqəli şirkətlər” siyahısına bir neçə Çin firmasını əlavə etməsindən sonra görülüb.
Çinin Maliyyə Nazirliyi isə ABŞ-nin 46 şirkətini dövlət satınalmalarında iştirakını qadağan edib. Müvafiq açıqlamada qeyd olunub ki, dövlət satınalma fəaliyyətlərində iştirak edən qurumlara “Lockheed Martin Corporation” və “Raytheon Missiles & Defense” daxil olmaqla, siyahıda olan ABŞ şirkətlərinə istehsal olan məhsulları almaq qadağandır. Nazirlik bu qərarın Çinin qanunlarına və qaydalarına uyğun olaraq qəbul edildiyini, məhdudiyyətin Çində fəaliyyət göstərən ABŞ investisiyalı şirkətlərə şamil edilmədiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Pentaqon “Alibaba”, BYD, “Nio”, “Baidu” da daxil olmaqla Çinin bir neçə iri şirkətini ABŞ-də fəaliyyət göstərən "Çin hərbi şirkətləri" kimi xarakterizə edərək onları Amerika kapitalına, texnologiyasına və dövlət müqavilələrinə çıxışı məhdudlaşdırılan şirkətlərin qara siyahısına salıb.