Nyu-York 2042-ci il Qış Olimpiya Oyunlarına namizəd ola bilər

ABŞ-nin Nyu-York ştatında Leyk-Plesid və Nyu-York şəhərləri birgə şəkildə 2042-ci il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edə bilər.

AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, bunun üçün xüsusi komitə yaradılıb. Bir il fəaliyyət göstərəcək komitə hüquqi, maliyyə və təşkilati məsələləri araşdıraraq hesabat hazırlayacaq.

Ştatın qubernatoru Keti Hokul bunun Nyu-York üçün böyük imkan olduğunu bildirib. Onun sözlərinə görə, 1932 və 1980-ci illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş Leyk-Plesid bu sahədə zəngin təcrübəyə malikdir.

Qubernator qeyd edib ki, ştat son illərdə Leyk-Plesiddəki olimpiya obyektlərinin yenilənməsinə 750 milyon dollar sərmayə yatırıb.

Nyu-Yorkun rəsmi namizədliyi ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan və hesabat ştat rəhbərliyinə təqdim edildikdən sonra veriləcək.