İran yalnız sanksiyaların ləğvindən sonra IAEA-nı nüvə obyektlərinə buraxa bilər

Tehran bütün sanksiyaların tam ləğvindən və ABŞ öz öhdəliklərini yerinə yetirdikdən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) hərbi əməliyyatlar zamanı zərər görmüş nüvə obyektlərinə buraxılması məsələsini müzakirə edə bilər.

AZƏRTAC xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu barədə özünün sosial media hesabında yazıb. Onun sözlərinə görə, hazırda hücuma məruz qalmış nüvə obyektlərinə və materiallara çıxışla bağlı heç bir plan mövcud deyil. Bu məsələlər yalnız yekun razılaşma çərçivəsində və qarşı tərəfin sanksiyaların tam ləğvi istiqamətində real addımlar atmasından sonra gündəmə gələ bilər.

Xatırladaq ki, iyunun ortalarında İran və ABŞ bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan memorandumu imzalayıb. İyunun 21-də İsveçrədə tərəflər arasında memorandumun icrasına dair danışıqlar baş tutub.