Avropada müşahidə olunan ekstremal istilər festival və konsert təşkilatçılarının planlarını dəyişir

Avropanı bürüyən ekstremal istilər kütləvi tədbirlərin təşkilatçılarını əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur edir.

AZƏRTAC xəbər verir ki, Danimarkada havanın temperaturunun 36 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılsa da, Şimali Avropanın ən böyük musiqi festivalı olan “Roskilde” nəzərdə tutulduğu vaxtda fəaliyyətə başlayacaq. Təşkilatçılar 100 mindən çox ziyarətçini həkimlərin tövsiyələrinə əməl etməyə, daha çox su içməyə, Günəşdən qoruyucu kremlərdən istifadəyə və imkan daxilində kölgədə qalmağa çağırıblar.

Avropanın digər ölkələrində isə isti hava ilə əlaqədar daha sərt tədbirlər görülüb. Niderlandda tarixdə ilk dəfə hava şəraiti ilə bağlı qırmızı təhlükə səviyyəsi elan edilib, böyük “Defqon.1” elektron musiqi festivalı isə proqramın qalan hissəsi ləğv edilərək vaxtından əvvəl başa çatdırılıb.

Artıq on günə yaxındır havanın temperaturunun 35-40 dərəcə arasında dəyişdiyi Fransada Paris hakimiyyəti sakinlərin isti havanı daha rahat keçirmələrinə kömək etmək məqsədilə şəhər kanallarından birində müvəqqəti olaraq çimməyə icazə verib. Bununla yanaşı, paytaxtda səhiyyə sisteminə düşən yükü azaltmaq məqsədilə müəyyən saatlarda spirtli içkilərin satışı və istifadəsinə müvəqqəti qadağa tətbiq olunub.

Böyük Britaniyada isə Londonun “Uembli” stadionunda keçiriləcək Harri Staylzın konsertlərinin təşkilatçıları tamaşaçılar üçün qaydaları dəyişiblər. Yüksək temperaturla əlaqədar azarkeşlərə stadion ərazisində su ilə doldura biləcəkləri təkrar istifadə olunan su qablarını özləri ilə gətirməyə icazə verilib. Müğənni özü də pərəstişkarlarını bir-birlərinin qayğısına qalmağa və kifayət qədər su içməyi unutmamağa çağırıb.