Gürcüstanda Çin şirkəti barəsində araşdırma başlanıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu ölkədə fəaliyyət göstərən Çin şirkəti ilə bağlı araşdırmanın aparılmasına dair qərar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze brifinqdə məlumat verib.

O bildirib ki, Çin şirkəti Gürcüstanın Ozurgeti bələdiyyəsi ərazisində vəzifələrini vicdanla yerinə yetirmir.

“Çin şirkəti Ozurgetidə iş görür və yumşaq desək, vəzifələrini vicdanla yerinə yetirmir. Başqa yerdə görülən işlərə görə də Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu şirkətə qarşı araşdırma başlanıb. Öhdəliklərini nə qədər gecikdirsə də, istənilən şirkət vəzifələrini vicdanla yerinə yetirməli olacaq və biz bunu təmin edəcəyik”, - deyə o vurğulayıb.