Araşdırma: Qəhvə təhlükə altındadır

Qəhvə dünyada ən çox sevilən içkilərdən biridir və bir çox tədqiqatçı üçün əvəzolunmaz stimullaşdırıcı vasitə hesab olunur. Lakin onun gələcəyi qeyri-müəyyən olaraq qalır.

“İqlim dəyişikliyi səbəbindən qəhvə ciddi təhlükə altındadır”, – deyə Əddis-Əbəbə Universitetinin botanika-genetika üzrə mütəxəssisi Kassahun Tesfaye bildirib.

Dünyada hər il istehlak olunan təxminən 10 milyon ton qəhvə dənəsinin demək olar ki, hamısı iki bitki növündən əldə edilir: daha davamlı və əksər hallarda acıtəhər dada malik robustadan, eləcə də daha zərif dadı ilə seçilən arabikadan. Təəssüf ki, temperaturun cəmi bir neçə dərəcə yüksəlməsi belə arabikanın zədələnməsinə və ya məhv olmasına səbəb olur. Robusta isə çox böyük həcmdə su tələb edir və quraqlıq şəraitində onun məhsuldarlığı kəskin şəkildə azalır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu problemin həlli yolları əsas iki növün davamlılığının artırılmasından, “Coffea” cinsinə aid qohum növlərlə aparılan təcrübələrdən, həmçinin mürəkkəb kimyəvi üsullar vasitəsilə mövcud məhsuldan daha çox qəhvə əldə edilməsinə qədər müxtəlif istiqamətləri əhatə edir.

Efiopiya hökuməti bu növün təbii genetik müxtəlifliyini qorumaq məqsədilə xüsusi mühafizə olunan təbiət əraziləri yaradır. Bundan əlavə, Əddis-Əbəbədə yerləşən Efiopiya Biomüxtəliflik İnstitutunda və Cimmadakı Efiopiya Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda yaradılmış canlı kolleksiyalarda 12 mindən çox arabika bitkisi yetişdirilir.

Hökumət hesab edir ki, bu bitkilər yüksək temperatur və quraqlığa davam gətirə bilən xüsusiyyətlərə malik arabika sortlarının seleksiyası və ya genetik modifikasiyası üçün ilkin material rolunu oynayacaq. Tesfayenin sözlərinə görə, bu bitkilərin hüceyrələrində “Coffea” cinsinə aid bir çox digər növdə olduğu kimi iki deyil, dörd tam xromosom dəsti mövcuddur. Bu isə arabikanın son 50 min il ərzində həmin cinsə aid iki digər növün təbii spontan çarpazlaşması nəticəsində yaranmasını əks etdirir.

Temperatur yüksəldikcə, sərin iqlim şəraitini qorumaq üçün arabikanın becərilməsini getdikcə daha yüksək dağlıq ərazilərə köçürmək lazım gələ bilər. Bu isə kiçik qəhvə plantasiyalarının sahibləri üçün asan olmayacaq. Digər mümkün həll yolu isə iqlim dəyişikliyinə daha davamlı olan başqa qəhvə bitkisi növlərinin becərilməsidir.