İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (2-3 noyabr) “Bakıya uçuş: Axın halı” layihəsi çərçivəsində 8 rəssam tərəfindən şəhər mərkəzində yerləşən fəvvarələrdən ilhamlanaraq ictimai sənət əsərləri yaradılmışdır. Hər bir əsər həmin məkanın şəxsi və ya ictimai hekayəsini danışır. Mövzular Bakıda ictimai məkanlarda fəvvarələrin rolu, şəhərin və icmaların kimliyinin formalaşmasında onların təsiri, həmçinin bu məkanların Bakı üçün yeni baxışlar, təsəvvürlər və ehtimal olunan gələcəyi formalaşdırmaq potensialını araşdırır.
Ramina Səadətxanın “Od, su və öpüşlər” adlı yeni silsilə əsərləri “Nine Senses Art Center”də oktyabrın 31-dən noyabrın 2-dək təqdim olunacaq.
Zəhra Məmmədova tərəfindən kurasiya edilən “Bir zamanlar Xəzər” həm bədii səyahət, həm də suyu və özümüzü yenidən görməyə çağıran bir layihədir. Sərgi YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 2-3-də nümayiş ediləcək.
Abşeron məktəbinin önəmli nümayəndəsi və Azərbaycan realist incəsənətinin ən vacib rəssamlarından olan Tofiq Cavadovun (1925–1985) yüzilliyinə həsr olunmuş “Tofiq Cavadovun 100 illiyi” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində (31 oktyabr-2 noyabr), “Baku Steel Art” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri isə eyni tarixlərdə Dənizkənarı Milli Parkında sərgilənəcək. Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası isə iki gün ərzində Daş Salnamə Muzeyində nümayiş olunacaq.
Sərgilərlə yanaşı, festival proqramına ustad dərsləri, ictimai incəsənət və şəhər turları da daxildir.
Azərbaycan Rəssamlıq Akademiyasında isə noyabrın 1-2-də Cüzeppe Kartanın (Giuseppe Carta) ustad dərsləri keçiriləcək. Eyni zamanda, Azərbaycan Rəssamlıq Akademiyası noyabrın 1-2-də açıq qapı günü elan edir.
Əsmər Babayevanın başçılığı ilə “ABOVE” layihəsi daxilində ziyarətçiləri qalereya divarlarının hüdudlarından çıxararaq Azərbaycanın aparıcı müasir heykəltaraş və rəssamlarının studiyalarına aparır. Bu eksklüziv təcrübə ideyaların doğulduğu və sənətə çevrildiyi məkanlara nadir baxış imkanı təqdim edir. Qonaqlar sənət prosesinə birbaşa şahidlik edəcək, sənətçilərlə şəxsi söhbətlər aparacaq və ənənə ilə innovasiyanın ölkənin inkişaf edən sənət səhnəsini necə formalaşdırdığını kəşf edəcəklər.
3 günlük festivalın zəngin proqramından faydalanmaq, tədbirlərdə iştirak etmək və incəsənət bayramının bir hissəsinə çevrilmək üçün www.bakuartweekend.az saytından qeydiyyatdan keçmək mütləqdir.
