2026-cı ilin dövlət büdcəsində Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb. Mən bunun səbəbini bilmirəm. Yəqin ki, Maliyyə Nazirliyinin nümayəndələri bunu izah edərlər.
Trend xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Azərbaycanın zəngin kino irsi var — “Arşın mal alan"dan "Babək"ə qədər bir çox film dünya miqyasında tanınıb və ölkəmizi təmsil edib. Bu kontekstdə kinoya maliyyə vəsaiti ayrılmaması ciddi təhlükə yaradır. Kino sahəsi xüsusi bilik və mütəxəssislər tələb edir. Əgər bu sahəyə dəstək olmasa, mütəxəssislər başqa sahələrə və ölkələrə yönələcək, nəticədə gələcəkdə milli kinomuz inkişaf edə bilməyəcək. Bu məsələni qaldırmaq çox vacibdir, çünki mədəniyyətin qorunması üçün davamlı dəstək lazımdır”, - deyə o vurğulayıb.