AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri dosent Xatirə Yusifova Hindistanda “Sülh və sosial harmoniyanın təşviqinə yönəldilmiş sufizm və dinlərarası dialoq – Dara Şikohun dini harmoniya üzərində vəqidəsinə xüsusi istinadla” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qauhati Universitetində keçirilən konfransda azərbaycanlı alim “Mövlanə düşüncəsində nəfs anlayışı və ilahi varlığa mənəvi yüksəliş” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Ruminin düşüncəsində “nəfs” anlayışının fəlsəfi-mistik mahiyyətinin, onun insanın mənəvi yüksəliş prosesində rolunun və ilahi varlığa qovuşma ideyasının təhlilini aparıb, Mövlanə ideologiyasında nəfsin insanın mənəvi kamilliyə çatmasına mane olan, onu maddi istəklərə və eqoist meyillərə yönəldən daxili bir qüvvə kimi əks olunduğunu vurğulayıb. Bildirib ki, Rumi təlimi insanın nəfsdən azad olub ilahi varlıqla vəhdətə çatmasının universal bir modelini təqdim edir. Bu yanaşma müasir dövrdə mənəvi boşluğun aradan qaldırılması və insanın daxili harmoniyasının bərpası üçün mühüm dəyərə malikdir. Məruzədə, həmçinin təsəvvüf ədəbiyyatında “maqam” və “hal” anlayışlarının Rumi irfanında necə təcəlli etdiyi, mənəvi inkişaf mərhələlərinin insan varlığının ruhani təkamülünə təsiri ətraflı şəkildə izah olunub.
Sonda Xatirə Yusifova konfransda fəal iştirakına və müfəssəl çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.