Ankaradakı Atatürk bulvarında macarıstanlı heykəltaraş tərəfindən hazırlanmış və türk birliyinin rəmzi olan “Toğrul quşu” heykəli qoyulub.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, heykəlin açılışı mərasimində çıxış edən Macarıstanın Türkiyədəki səfiri Viktor Matis bildirib: “Macarlar üçün “Toğrul quşu” həmrəylik və birliyin rəmzidir. Bu quş həm də türk mənşəyimizin göstəricisidir. Bilirik ki, o, macar dilində şahin mənasını verir və mifoloji quşdur. Macarlar özlərini bu quşun bir hissəsi hesab edirlər. Anadoluda ilk “Toğrul quşu” heykəlini ucaltdığımız üçün son dərəcə xoşbəxtik”.
Mərasimdə iştirak edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib: “Bu quş Qaşqarlı Mahmudun XI əsr əsəri olan “Divanü Lüğati't-Türk”də əzəmətli, güclü quş kimi təsvir olunur. Bu tərif yalnız bir quşu deyil, həm də türk millətinin səmavi ruhunu, gücünü və azadlıq istəyini tərənnüm edir”.

S.Raev bu quşun macar mifologiyasında müqəddəs bir bələdçi olduğunu xatırladaraq qeyd edib: “Toğrul” və ya “turul” həm Anadoluda, həm də Macarıstan düzənliklərində paralel olaraq inkişaf edən və hər iki xalqın qurucu əcdadlarının adlarına çevrilən müqəddəs quşlardır. Bu ad minillik ortaq tariximizin ən güclü rəmzlərindən biridir. Türkiyədə bu ad Səlcuq İmperiyasının qurucusu Toğrul bəyin və Osmanlı imperiyasının əcdadı Ərtoğrul Qazinin adlarında yaşayır, Macarıstanda isə millətin qurucusu Arpad sülaləsinin əfsanəsində görünür. Beləliklə, toğrul sadəcə bir quş deyil, aramızdakı bağları möhkəmləndirən ortaq gücün, cəsarətin və nəcibliyin universal rəmzidir. Bu heykəl oxşar simvollarla ifadə olunan ortaq köklərimizin və qədim dostluğumuzun simvoludur. Macarıstan və Türk dünyası quşun iki qanadı kimi fərqli istiqamətlərdə uzansalar da, eyni səma altında birlikdə yüksəlir”.
Çıxışlardan sonra macar heykəltaraş İstvan Böjte Horvat tərəfindən hazırlanmış “Toğrul quşu” heykəli Macarıstan səfirin iqamətgahının Atatürk bulvarı ilə üzbəüz sahəsində açılıb.