Şəkidə kinorejissor Rasim Ocaqova həsr edilmiş kitabın təqdimatı olub

Şəkidə Azərbaycanın görkəmli kinorejissoru, dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 92-ci ildönümü münasibətilə unudulmaz sənətkara həsr edilmiş “Sənətkar ömrü xatirələrdə” adlı kitabın təqdimatı olub.

Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, sənətkarın ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin istedadlı dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə kinorejissor Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs olunub, görkəmli sənətkara həsr olunmuş videoçarx, onun lentə aldığı filmlərdən kadrlar nümayiş etdirilib.

“Sənətkar ömrü xatirələrdə” kitabının müəllifi Xavər Səmədova çıxış edərək, kitabın ərsəyə gəlməsindən danışıb, görkəmli kinorejissorun zəngin yaradıcılığından söz açıb.

Çıxış edənlər bildiriblər ki, kinorejissor Rasim Ocaqovun yenilikçi üslubu və yüksək peşəkarlığı milli kinomuzu məşhurlaşdırıb və kino sənətinin qızıl fonduna daxil olub. Onun filmləri fəal vətəndaşlıq mövqeyini əks etdirir və müasirliyi ilə seçilir. O, kinomuzun nəbzi, irəli aparan qüvvəsi, öz dövrünün siması olub. Rasim Ocaqov hər zaman yaratdığı sənət nümunələri ilə sevilib və daim seviləcək.

Tədbir bədii proqramla başa çatıb.

Gallery