AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov beynəlxalq fotomüsabiqədə altı mükafata layiq görülüb

Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) İspaniyanın Barselona şəhərində keçirdiyi “Photographer 2025” beynəlxalq fotomüsabiqəsində dünyanın 55 ölkəsindən 236 fotoqrafın 2749 fotosu qəbul edilib.

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov fotomüsabiqənin altı mükafatına layiq görülüb. On nominasiya üzrə keçirilən müsabiqənin altısında İlqar Cəfərov qaliblər sırasında yer alıb.

Ümumiyyətlə, o, indiyədək iştirak etdiyi beynəlxalq fotomüsabiqələrdə dünyanın 46 ölkəsindən 350 mükafata layiq görülüb. Ötən gün isə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FİAP) fotomüxbir İlqar Cəfərovu Excellence FIAP Diamond 2 (EFIAP/d2) fəxri adına layiq görüb.

Qeyd edək ki, FİAP-ın fəaliyyət göstərdiyi 75 il ərzində (1950-ci ildən) İlqar Cəfərov postsovet (keçmiş SSRİ) məkanında bu fəxri ada layiq görülmüş ilk fotoqrafdır.