Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun cari ilin yanvarında Cənubi Kaliforniyada dəhşətli meşə yanğınlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimatı olub.
Filmin müəllifi Kamran Qasımov AZƏRTAC-a açıqlamasında ekran işi barədə məlumat verib.
O, ABŞ-də fəaliyyət göstərdiyi dövrdə baş verən yanğınların şahidi olduğunu və həmin görüntüləri operativ şəkildə lentə aldığını söyləyib. K.Qasımov vurğulayıb ki, filmdə həm yanğınsöndürənlər, həm zərərçəkmişlər, həm də könüllülər çıxış edirlər.
“Bu ekran işi film-reportaj janrıdır. Ümumilikdə 18 gün yanğınsöndürənlərlə birlikdə oldum. Tüstünün həddindən artıq təhlükəli olması səbəbindən bəzi yaxın ərazilərə buraxılmırdım, lakin külə çevrilmiş sahələrə daxil olmuşdum. Yaşanan böyük faciəyə baxmayaraq, insanlarla ünsiyyət zamanı onların nikbin ruhunu, bir-birinə dəstəyini və mübarizə əzmini hiss edirdim. Ekran əsərinin xronometrajı 28 dəqiqədir. Hazırladığım filmin 2026-ci ilin yanvarında Los-Ancelesdə premyerasının keçirilməsi planlaşdırırlır.
Filmin montaj-rejissoru Bəkir Osmanov, qrafik dizayneri Zaur Rəcəbov, məsləhətçisi Rafiq Pouyyadır”,-deyə müəllif əlavə edib