Əsas hədəfim Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifa etməkdir
Azərbaycan musiqi səhnəsi son illərdə gənc istedadların yüksəlişi ilə diqqət çəkir. Vokal sənəti yalnız texniki bacarıq və səs gücündən ibarət deyil, o, həm də dinləyici ilə duyğu və hiss paylaşma sənətidir. Bu yolda uğur qazanmaq isə yalnız şəxsi zəhmət və istedadla mümkün deyil, həm də ailə dəstəyi, ustad dərsləri, səhnə təcrübəsi və davamlı məşqlərlə mümkündür. Bütün bunlar gənc ifaçının inkişafında mühüm rol oynayır. Bu istedadlı gənclərdən biri də opera ifaçısı Aqşin Xudaverdiyevdir.
AZƏRTAC-ın müxbiri ilə söhbətində gənc ifaçı vokal sənətinə olan baxışını belə ifadə edib: “Musiqi mənim üçün sadəcə sənət deyil, həyatın özü, duyğuların ifadə vasitəsidir. Hər notda bir hekayə, hər ritmdə bir hiss gizlənir. Vokal mənim üçün həm özümü ifadə etməyin, həm də dinləyici ilə ünsiyyət qurmağın yoludur.”
O bildirib ki, ailənin dəstəyi bu yolda onun üçün böyük əhəmiyyət kəsb edib: “Atam həmişə yanımda olub, amma anamın incəsənətə olan həvəsi və onu mənə aşılama tərzi mənim üçün dönüş nöqtəsi oldu. Bu dəstək olmasaydı, bəlkə də musiqiyə bu qədər bağlı olmazdım,” – deyə o vurğulayıb.

Musiqi ilə ilk tanışlığım uşaqlıq illərimdən başladı
Əslən Kəlbəcərli olan Aqşinin 23 yaşı var. Musiqiyə marağı uşaq yaşlarında formalaşıb. Kiçik yaşlarından teatr tamaşalarını və opera əsərlərini izləmək onun üçün həm də ilham mənbəyi olub. Məktəb illərində müxtəlif musiqi layihələrində və tədbirlərdə iştirak etməsi isə səsinin və vokal bacarıqlarının inkişafına zəmin yaradıb.
“Hər yeni layihə və səhnə çıxışı mənə özümü daha yaxşı ifadə etməyi öyrədirdi. Bu yol məni həm musiqi məktəblərinə, həm də prestijli vokal proqramlarına yaxınlaşdırdı,” – deyə vokal ifaçısı deyib.

Ustadlarım mənə səsimi kəşf etməyi öyrətdi
İlk musiqi təhsilini Bakı Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində alan Aqşin, daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etdirib.
Akademiyada onu formalaşdıran ustadlar arasında Xalq artistləri Gülnaz İsmayılova, Fidan və Xuraman Qasımova, müəllimlər Rəna Ağayeva, Sevda Məmmədova və səhnə dərslərini aldığı Xalq artisti Şəfiqə Axundova yer alıb. Opera studiyasında isə Xalq artisti Fərhad Bədəlbəylinin dinləyişi, Cavanşir Cəfərovun müşaiyəti və tenor Adil Axundovla birlikdə G. Verdinin “Don Carlo” operasından Rodrigo rolunu səhnədə ifa edib. Ustadlar onun səsini yüksək qiymətləndiriblər.
“Ustadlar mənə yalnız texniki bacarıqları öyrətmədi, həm də səsimlə hissləri ifadə etməyin incəliklərini göstərdilər. Bu, mənim vokal yolumda ən qiymətli dərslərdən biri oldu,” – deyə Aqşin qeyd edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrında böyük təcrübə qazanmışam
Aqşin Xudaverdiyev oxuduğu illərdə bir sıra prestijli müsabiqələrdə və layihələrdə uğur qazanıb. 2020-ci ildə Gürcüstan və Türkiyə tərəfindən təşkil olunan Beynəlxalq Harmoniya Festivalında 1-ci yerə layiq görülüb. O, həmçinin Heydər Əliyev adına Azərbaycan 4-cü Respublika Müsabiqəsinin laureatı olub. Bundan əlavə, “Ghost Spring” – 17-ci Milli Müsabiqədə də 1-ci yerə sahib olaraq səsini yüksək səviyyədə təsdiqləyib.
O, həmçinin Azərbaycanda tam miqyaslı opera tamaşalarında solo çıxışlar edib. Azərbaycan Dövlət Opera və Balet Teatrına daxil olanda rejissor Hafiz Quliyev, drijor Əyyub Quliyev və opera ifaçıları Azər Rzazadə və Məhərrəm Hüseynovdan güclü dəstək görüb. Bundan əlavə, teatrın dəvəti ilə İtaliyadan gələn Federico Longhi-dən ustad dərsləri alıb. Həmin çıxışları teatrın direktoru Yusif Eyvazov da izləyərək Aqşinə öz təbriklərini çatdırıb.
2023-cü martın 11-də Aqşin Xudaverdiyev Azərbaycan Dövlət Opera və Balet Teatrında G. Puccini “Tosca” operasında Sciarrone rolunda debüt edib. Daha sonra 2023-cü il aprelin 8-də eyni teatrda G. Puccini “La Bohème” operasında Alcindor rolunu canlandıraraq səhnə təcrübəsini davam etdirib.
Bu çıxışlar onun üçün Azərbaycan Dövlət Opera və Balet Teatrında böyük səhnəyə ilk addım olub və gənc ifaçıya həm milli, həm də beynəlxalq səhnələrdə uğur qazanmaq üçün əvəzsiz təcrübə verib.

Beynəlxalq səhnələrdə çıxış etmək mənim üçün dəyərli oldu
2024-cü ildə Aqşin Xudaverdiyev Rossini Opera Festivalında “Il viaggio a Reims” operasında Lord Sidney rolunda debüt çıxışını edib. Daha sonra İrlandiyada keçirilən “Wexford Opera” Festivalında eyni rolu 6 səhnədə ifa edərək beynəlxalq səhnədə dəyərli təcrübə qazanıb.
Bu il İtaliyadakı təhsilini başa vurduqdan sonra Aqşin hazırda İspaniyanın Palau de les Arts Akademiyasının Gənclər Proqramında Maria Bayonın sinifində təhsilini davam etdirir. Həmçinin, avqustun 23-də Belcanto Musiqi Festivalı, Montalcinoda G. Rossiniyə həsr olunmuş “Petite Messe Solennelle” konsertində çıxış edib.
“Beynəlxalq səhnələrdə təcrübə qazanmaq mənim üçün həm bacarıqlarımı inkişaf etdirmək, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq imkanıdır,” – deyə opera ifaçısı diqqətə çatdırıb.

Hər çıxışım ölkəmi təmsil etmək üçün bir fürsətdir
Gələcək planları barədə danışarkən Aqşin vurğulayıb ki, Avropa repertuarını daha da genişləndirmək, yeni teatr səhnələrində və konsertlərdə çıxış etmək, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifa etmək onun üçün əsas hədəflərdir.
“Mən daim öz üzərimdə işləmək və yeni uğurlara nail olmaq istəyirəm. Hər səhnə, hər konsert mənim üçün həm təcrübə, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq imkanıdır,” – deyə gənc vokalçı sözlərinə əlavə edib.