AZƏRTAC Azərbaycanın paytaxtında çıxış etmək üçün ölkəmizə gələn Qazaxıstanın “SerBat” akrobatika qrupunun üzvləri ilə həmsöhbət olub. “SerBat” kollektivi öz peşəkarlığı və nailiyyətləri ilə tanınır. Qrupun üzvləri 2025-ci ildə İtaliyanın “Lo Show Dei Record” proqramında Ginnesin dünya rekordunu yeniləyiblər.
Ekvilibrist-akrobatlar dünya şöhrətli sirk ustası, sirk sənəti üzrə bir çox nüfuzlu mükafatın sahibi Allahverdi İsrafilovun təşkil etdiyi şouda iştirak ediblər.
Qazaxıstanlı artistlər Azərbaycana ilk dəfə gəlmirlər. Qrupun üzvlərindən biri Batır Januzak bildirir ki, onların ölkəmizə ilk səfəri 2012-ci ilə təsadüf edir.
“O zaman Azərbaycan məni çox təəccübləndirmişdi, indi isə Bakının gözəlliyi daha da artıb. Həmişə olduğu kimi bizi çox isti qarşıladılar. Təşkilatçılara minnətdarıq. Qazaxlar və azərbaycanlılar qardaş xalqlardır. Burada özümüzü doğma kimi hiss edirik və ümid edirik ki, bundan sonra da ölkənizə səfərlər edəcəyik”, – deyə o, vurğulayıb.
Qazaxıstan sirk sənətinin xüsusiyyətlərinə toxunan artist bildirib ki, hazırda diqqət daha çox tarixə və ənənələrə yönəlib: “İndi biz ulu babalarımızın irsinə müraciət edir, qədim türk nömrələrimizi bərpa edirik. Qazaxıstanda “Turan” adlı yeni bir şou üzərində çalışırıq. Bu sirk tamaşasında türk xalqlarının tarixi əks olunacaq. Bəlkə də bu şounu Azərbaycana da gətirəcəyik”.
Türk dünyasında sirk sənətinin inkişafına dair fikirlərini bölüşən akrobat müsbət tendensiyanın müşahidə olunduğunu qeyd edib. “Hazırda sirk sənəti yaxşı inkişaf edir. Əlbəttə, biz hələ bu sahənin daha erkən formalaşdığı Avropa ölkələrindən geri qalırıq. Orada bir şəhərdə bir neçə sirk fəaliyyət göstərə bilər. Türk ölkələrində isə adətən hər şəhərdə bir, bəzən iki sirk olur. Amma bizim artistlər çox güclüdür. Məsələn, bizi Avropa ölkələrinə və ABŞ-a tez-tez dəvət edirlər. Azərbaycanda göstərilən yüksək səviyyəli nömrələr məni sevindirir. Bu, ölkənin sirk sənətinin yüksək səviyyədə olduğunu göstərir. Bizi dəvət edən Allahverdi İsrafilov özü çox peşəkar keçmiş sirk artistidir, Monte-Karlo festivalında çıxış edib. O, həmişə ən yaxşı artistləri seçir və keyfiyyətli şou yaradır. Azərbaycanda da çox güclü akrobatlar var”, – deyə B.Januzak bildirib.
Onun sözlərinə görə, türk mədəniyyətini dünyaya tanıtmaq üçün türk xalqlarının tarixindən bəhs edən layihələr çox vacibdir: “Bu tarix çox ilhamvericidir. Məni türk sirk şousu yaratmağa məhz “Ertoğrul” serialı ruhlandırdı. Düşündük ki, türk xalqlarının nə qədər zəngin tarixi var və bunu dünyaya göstərmək lazımdır. Hazırda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında vahid icma yaratmaq istiqamətində addımlar atılır. Ümid edirik ki, gələcəkdə ümumi bir şou yaratmaq üçün də birləşmək mümkün olacaq. Bu, möhtəşəm olar”.
“SerBat” kollektivinin digər üzvü Sırım Alibekov isə Azərbaycan tamaşaçısının səmimiliyindən söz açıb. “Burada özümü çox rahat, sanki öz evimdəki kimi hiss edirəm. Həyatımda ilk dəfədir ki, çıxış zamanı mənə gül dəstəsi təqdim ediblər – məhz Azərbaycanda. Buradakı tamaşaçı çox minnətdardır, bizi çox isti qarşılayırlar. Bu isə bir artist üçün ən böyük qiymətdir”, – deyə o, təəssüratlarını bölüşüb.