Azərbaycanlı tələbə Oksford Universitetində ən yüksək nəticə əldə edib

Azərbaycanlı tələbə Şəbnəm Tağıyeva Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Oksford Universitetində magistratura təhsilini yüksək akademik göstəricilərlə başa vurub.

AZƏRTAC xəbər verir ki, o, Dövlət Proqramı çərçivəsində Oksford Universitetinin Blavatnik Dövlət İdarəçiliyi Məktəbində ictimai siyasət ixtisası üzrə magistratura təhsili alıb. Şeffild Universitetinin “Center for Machine Intelligence” mərkəzi ilə birgə xüsusi təhsil sahəsində süni intellektin etik istifadəsinə dair tədqiqat işi hazırlayıb və bu iş Oksford Universitetində ən yüksək qiymətləndirmə ilə nəticələnib.

Bundan əvvəl o, Azərbaycanın aparıcı ali təhsil müəssisələrində - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, Bakı Dövlət Universitetində isə kommersiya hüququ üzrə magistratura təhsilini fərqlənmə ilə bitirib. Şəbnəm Tağıyeva dövlət və özəl sektorda, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Elm və Təhsil Nazirliyində ümumilikdə doqquz ilə yaxın hüquqşünas kimi peşəkar fəaliyyət göstərib.