Azərbaycanda könüllü sığorta 24%, icbari sığorta isə 40% artıb

2023-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 687 milyon 374 min manat, icbari sığorta növləri üzrə 249 milyon 863 min manat sığorta haqqı toplanılıb.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 24.2% və ya 133 milyon 809 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 40.6% və ya 72 milyon 209 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 29.7% artaraq 320 milyon 151 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 11.6% artaraq 80 milyon 235 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 46.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 9 ayında 44.6 manata bərabər olub. Bu ilin yanvar-sentyabr ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32.1 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 9 ayında 40.4 manata bərabər idi.