Son illər süni intellekt texnologiyalarının media sahəsinə inteqrasiyası qlobal informasiya məkanında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycanda da bu istiqamətdə innovativ həllər üzərində çalışan yerli startaplar formalaşmağa başlayıb. Onlardan biri də süni intellektəsaslı media texnologiyaları platforması olan “InnMedia”dır. Bu yaxınlarda “Microsoft”dan 150 min dollar “Azure Credits” cəlb edən ilk Azərbaycan süni intellekt-startapı “InnMedia” ("Innovation Media Services" MMC) “Microsoft for Startups” ekosisteminə daxildir və ardıcıl olaraq əvvəlcə 5 000 dollar, sonra 25 000 dollar, daha sonra isə ümumi dəstək həcmi olaraq 150 000 dollar səviyyəsinə qədər yüksəlib. Bu günlərdə startap ölkəmizdə ilk dəfə olaraq “Cloudflare”dən də 25 000 dollar qrant alıb.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində “InnMedia”nın həmtəsisçisi və baş icraçı direktoru, süni intellekt əsaslı media texnologiyaları və rəqəmsal biznes transformasiyası sahəsində ixtisaslaşmış sahibkar və texnologiya eksperti Teymur Kuseba danışıb.
- Teymur bəy, “InnMedia”nın yaranması və hazırkı fəaliyyəti barədə məlumat verərdiniz.
- “InnMedia” ideya olaraq 2023-cü ildə formalaşıb. Həmin dövrdə biz marketinq və reklam sahəsində komanda kimi fəaliyyət göstərirdik. Faktiki olaraq reklam verənlərlə media qurumları arasında vasitəçi rolunda çıxış edirdik və hər iki tərəfin gündəlik problemlərini yaxından görürdük. Əsas problemlər keyfiyyətin aşağı olması, gəlirlərin məhdudluğu, insan resursları çatışmazlığı və media üçün lazımi texnoloji alətlərin olmaması idi.
İlk mərhələdə düşünürdük ki, bu problemi lokal həll kimi bazara təqdim edək. Bunun üçün təxminən dörd ay bazar araşdırması apardıq. Həmin vaxt təkcə yerli deyil, MDB ölkələrində fəaliyyət göstərən xarici şirkətlərlə də işlədiyimiz üçün araşdırma zamanı məlum oldu ki, bu problem yalnız Azərbaycana aid deyil. MDB məkanında da media qurumları oxşar çətinliklərlə üzləşir.
Bazarda keyfiyyətli və əlçatan həllər yox idi. Böyük media qurumları, məsələn, BBC və ya “New York Times” özlərinə xüsusi texnoloji sistemlər qurmaq üçün yüz minlərlə dollar vəsait xərcləyə bilirdilər. Amma kiçik və orta media qurumlarının belə imkanları yox idi. Ayrı-ayrı platformalarda müəyyən modullar mövcud olsa da, bütöv ekosistem və hazır infrastruktur təqdim edən həll demək olar ki, yox idi.
Sonrakı araşdırmalar göstərdi ki, bu artıq qlobal problemdir. “Research and Markets” şirkətinin hesabatlarına əsasən, 2030-cu ilə qədər media texnologiyaları bazarının həcmi 30 milyard dolları keçəcək. Bundan sonra şirkəti rəsmən təsis etməyə qərarı verdik və 2024-cü ildə “InnMedia” hüquqi şəxs kimi fəaliyyətə başladı.
Hazırda startap olaraq fəaliyyət göstəririk. Üç həmtəsisçidən ibarət komandamız var və fəaliyyətə başladığımız dövrdə 50 min dollar həcmində “mələk investisiya” cəlb etmişik.
Bu gün həm Azərbaycanın, həm də MDB məkanının dövlət səviyyəsində tanınan ilk süni intellekt jurnalistikası platformalarından biri hesab olunuruq. Media Agentliyi tərəfindən süni intellekt redaksiyasına akkreditasiya verilib və həmin redaksiyanı süni intellekt jurnalisti idarə edir. Bu da müəyyən mənada ölkədə süni intellekt jurnalistikasının rəsmi tanınması deməkdir.
2025-ci ildə platformamız üzərində çalışan ilk məhsulumuz — “techxeber.az” fəaliyyətə başladı. Sayt dörd ay ərzində 120 min unikal istifadəçi toplayaraq niş texnologiya media seqmentində ölkənin ən çox oxunan platformalarından birinə çevrildi. Həmçinin ilin media layihələrindən biri kimi mükafatlandırıldı.
Ən böyük nailiyyətlərimizdən biri isə yaxın zamanda “Microsoft” tərəfindən əldə etdiyimiz 150 min dollarlıq “Azure Credits” qrantıdır. Bu, Azərbaycan startap ekosistemi üçün də mühüm hadisədir. Çünki ilk dəfə yerli məhsul belə həcmdə texnoloji dəstək alıb. Habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektləri üçün “Startap” şəhadətnaməsi almışıq.
- “InnMedia”nın “Microsoft for Startups” proqramı çərçivəsində əldə etdiyi 150 min dollarlıq “Azure Credits” qrantı startapın inkişafına necə təsir göstərəcək?
- Biz “Microsoft”a ilk dəfə 2024-cü ilin sonunda müraciət etmişdik. İlk mərhələdə 5 min dollar, daha sonra 25 min dollar həcmində dəstək aldıq. Son müraciətimizdən sonra isə 150 min dollarlıq “Azure Credits” ayrıldı.
Bu proses bizim üçün sadəcə maliyyə dəstəyi deyil. “Microsoft”un ciddi texnoloji və təhlükəsizlik yoxlamaları var. Bu qrant təsadüfi şəkildə verilmir. İki il ərzində müxtəlif auditlərdən, təhlükəsizlik və məhsul yoxlamalarından keçmişik, çoxsaylı sənədlər və biznes təqdimatları göndərmişik.
Bizim platforma tam şəkildə “Microsoft Azure” infrastrukturu üzərində qurulub. Üstəlik, biz hazır həllərdən istifadə edən layihə deyilik. “DeepTech” istiqamətində fəaliyyət göstəririk və texnologiyanı sıfırdan özümüz qurmuşuq. “Microsoft” bütün bu mərhələləri qiymətləndirərək məhsulumuzu həm texnoloji, həm də strateji baxımdan perspektivli hesab edib.
Bu, beynəlxalq səviyyədə çox ciddi siqnaldır. Çünki “Microsoft” kimi qlobal şirkətin məhsulu təsdiqləməsi o deməkdir ki, platformanın real potensialı var.
Digər tərəfdən, bu resurslar texnoloji imkanlarımızı genişləndirəcək. Daha güclü hesablama resurslarından, daha inkişaf etmiş dil modellərindən və daha keyfiyyətli texnoloji infrastrukturdan istifadə edə biləcəyik. Nəticədə xidmətlərimiz daha sürətli, daha sabit və istifadəçilər üçün daha əlçatan olacaq.
- Platformanız mətn, audio və video üzrə avtomatlaşdırılmış həllər təqdim edir. Sizcə, yaxın illərdə bu texnologiyalar media redaksiyalarında ənənəvi iş modellərini necə dəyişəcək?
-Son 3-5 il ərzində media sahəsində ciddi transformasiya baş verib və düşünürəm ki, bizim də bu dəyişikliklərdə müəyyən rolumuz olub. Məsələn, Azərbaycanda xəbərlərin avtomatik səsləndirilməsi sistemini tətbiq edən ilk platformalardan biri olmuşuq. Daha əvvəl bəzi media qurumları müəyyən eksperimentlər aparsalar da, həmin sistemlər davamlı və tam funksional deyildi. Səsləndirmələr ayrıca insan resursu hesabına hazırlanırdı və bütün materiallara tətbiq olunmurdu.
Biz isə bu prosesi tam avtomatlaşdırılmış şəkildə qurduq. Çünki gündəlik onlarla material dərc edən media qurumunda hər xəbərin ayrıca səsləndirilməsi həm vaxt, həm də resurs baxımından çətin prosesdir. Süni intellekt burada media qurumlarına ciddi operativlik qazandırır. Amma bizim əsas yanaşmamız odur ki, süni intellekt jurnalisti əvəz etmək üçün yox, ona kömək etmək üçün istifadə olunmalıdır.
Məsələn, platformamızda “fake fact-checking” aləti mövcuddur. Xarici xəbərlərin doğruluğunu yoxlamaq bəzən saatlarla vaxt aparır. Sistem isə açıq mənbələri və sosial şəbəkələri analiz edərək həmin prosesi 10-20 dəqiqəyə qədər azalda bilir.
Digər tərəfdən, 24/7 işləyən “tracking” sistemimiz müəyyən mövzular üzrə bütün açıq mənbələri izləyir. Məsələn, kosmik peyklərlə bağlı qanunvericilik dəyişikliklərini, elmi məqalələri və beynəlxalq hesabatları avtomatik analiz edib jurnalistə təqdim edir. Bu alətlər jurnalistin işini əlindən almaq üçün deyil, onun məhsuldarlığını artırmaq üçündür. Təbii ki, yaxın illərdə bəzi peşələrdə dəyişiklik olacaq. Amma əsas məsələ texnologiyanın özü deyil, insanların ona uyğunlaşmaq bacarığıdır.
- “InnMedia” özünü regional deyil, qlobal “Biznesdən biznesə (B2B) süni intellekt (AI) şirkəti kimi təqdim edir. Beynəlxalq bazarda sizi fərqləndirən əsas üstünlük nədir?
- Əsas fərqimiz yanaşmamızdır. Hazırda dünyada populyar istiqamətlərdən biri “fintech”dir və demək olar ki, hamı eyni həllər üzərində işləyir. Bu isə çox yüksək rəqabət yaradır.
Biz 2023-cü ildə qərar verdik ki, media sahəsinə fokuslanaq. Çünki bu sahədə həm təcrübəmiz, həm də real bazar anlayışımız var idi. Həmin dövrdə media üçün süni intellektəsaslı avtomatlaşdırılmış həllər bazarda demək olar ki, yox idi.
Bu gün artıq həmin istiqamət sürətlə inkişaf edir və biz ilk başlayanlardan biri olduğumuz üçün ciddi təcrübə üstünlüyünə sahibik.
Digər vacib məsələ bazar seçimidir. Bir çox startap dərhal ABŞ və ya Avropa bazarına çıxmağı hədəfləyir. Amma əvvəlcə bazarı, auditoriyanı və məqsədi tam anlamaq lazımdır. Məsələn, “Bolt” Estoniya kimi kiçik bazardan çıxaraq qlobal şirkətə çevrilib.
Biz də hesab edirik ki, əsas məsələ düzgün strategiya qurmaq və uzunmüddətli düşünməkdir. Əgər “niyə?” sualına cavab yoxdursa, deməli strategiyada boşluq var. Buna görə addımlarımızı daha planlı və dayanıqlı şəkildə qururuq.