Ankarada kiçik və orta biznes nümayəndələrinin iştirakı ilə “Yüz ilin Zirvəsi” mövzusunda biznes-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ilə birgə təşkil etdiyi tədbirin açılışında iki ölkədən onlarla müəssisə rəhbəri, həmçinin rəsmi şəxslər, dövlət və parlament nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin xəzinə və maliyyə nazirinin müavini İsmail İlhan Hatipoğlu, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, OSTİM OSB -nin İdarə Heyətinin sədri Orhan Aydın, Ankara Ticarət Palatası Şurasının sədri Mustafa Deryal, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının üzvü Şirin Şərifov, Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstək İdarəsinin sədri (KOSGEB) Ahmet Serdar İbrahimcioğlu və digərləri çıxış ediblər.
Natiqlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsinin ardından Qarabağın, eləcə də bütövlükdə regionun inkişafı və çiçəklənməsi üçün yeni imkanlar yarandığını, Azərbaycan və Türkiyənin kiçik və orta biznes subyektlərinin əməkdaşlığının bu prosesə mühüm töhfə verə biləcəyini vurğulayıblar.
Qeyd edilib ki, Türkiyədə 2800-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.
Azərbaycanda isə Türk inşaat şirkətləri tərəfindən indiyə qədər ümumi dəyəri 12 milyard dollar olan 363 layihə həyata keçirilib.
Tədbir iştirakçıları 20-dən artıq Azərbaycan müəssisəsinin məhsullarından ibarət sərgi ilə tanış olublar.
Forum firma təmsilçilərinin təkbətək görüşləri ilə davam etdirilib.