Azərbaycanda ilk “Mələk İnvestorlar Məktəbi”indən 109 nəfər məzun olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə Azərbaycanda “Mələk İnvestorlar Məktəbi”nin ilk buraxılış mərasimi keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təsisçisi Fərid İsmayılzadə məktəbin yaranmasının və sözügedən klubun fəaliyyətinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını vurğulayıb. Bildirilib ki, Azərbaycanda ilk “Mələk İnvestorlar Məktəbi”indən 109 nəfər məzun olub.

İRİA-nın sədri İnarə Vəliyeva çıxışında ölkəmizdə startaplara investisiya yatırımının müsbət dinamikasından, habelə qurumun bu istiqamətdə yerli və qlobal oyunçularla təşəbbüs etdiyi strateji layihələrin əhəmiyyətindən bəhs edib.

Daha sonra “SABAH.HUB”ın baş icraçı direktoru Rəhim Bayramlı, “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərimin spikerliyi və İRİA-nın nümayəndəsi Ağahüseyn Əhmədovun moderatorluğu ilə “Mələk İnvestisiyanın Önəmi” mövzusunda panel müzakirə keçirilib.

Tədbirin yekun hissəsində təlim sessiyalarının iştirakçılarına sertifikatlar təqdim olunub.