İqlim böhranı artıq uzaq bir təhdid deyil.
Trend xəbər verir ki, bu barədə COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai Bakıda İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.
"İqlim böhranı artıq uzaq bir təhdid deyil — o, artıq buradadır. Bu, hamımıza təsir edir: nəfəs aldığımız havadan, içdiyimiz sudan, yeməkdən, inşa etdiyimiz evlərə qədər. Tezliklə iqlim icmasını Bakıda COP29-da bir araya toplayacağıq. Bu tədbirə baxışımız açıqdır — məqsədimiz ambisiyaları artırmaq və iqlim böhranını aşmaq üçün konkret addımlar atmaqdır", — o vurğulayıb.
Onun sözlərinə görə, bunları təkbaşına həyata keçirmək mümkün deyil.
"Bizə biznes və vətəndaş cəmiyyətindən tutmuş şəhərlərə və akademik institutlara qədər bütün maraqlı tərəflərdən innovasiya, bilik və öhdəlik lazımdır. Bakı iqlim həftəsi fəaliyyətə çağırışdır, dialoqun real strategiyalara çevrildiyi və strategiyaların uzunmüddətli dəyişikliyə səbəb olduğu bir məkandır", — o əlavə edib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.