“Azərbaycan xalq mahnıları. Fortepiano üçün işləmələr” kitabının təqdimatı olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının nəzəriyyə müəllimi Esmeralda Cəbrayılın “Azərbaycan xalq mahnıları. Fortepiano üçün işləmələr” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, müəllif tədbirdə çıxışı zamanı xalq musiqisindən ilhamlanaraq ərsəyə gətirdiyi nümunələrin nəşr olunmasında ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədova xalq mahnılarının əhəmiyyətindən söz açaraq bu ənənənin XX əsrin əvvəllərindən dahi Üzeyir Hacıbəyli tərəfindən başladığını və görkəmli bəstəkarlarımızın yaradıcılığında davam etməsini diqqətə çatdırıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Turan Məmmədəliyeva müəllifin pedaqoji ustalığından söz açaraq, yaradıcı düşüncənin nəticəsi kimi ərsəyə gələn kitabın kiçik pianoçular üçün bir töhfə olduğunu vurğulayıb.

Sonda məcmuəyə daxil olan əsərlər məktəbin müəllim və şagirdlərini tərəfindən ifa olunub.

Məktəb-studiyanın elmi metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və Nuranə Zeynalova “Elə demə, zalım yar” əsərinin vals ruhunda ansambl formasını fərqli üslubda izləyicilərə təqdim ediblər.

Gallery