Almaniyanın kimya sektoru Qırmızı dənizdəki vəziyyət səbəbindən problemlərlə üzləşib

Almaniyanın Avropa İttifaqı (Aİ) ölkələri arasında ən böyük hesab edilən kimya sektoru Qırmızı dənizdəki vəziyyətin kəskinləşməsi səbəbindən xammal tədarükünün gecikməsi ilə bağlı çətinliklərlə üzləşib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın VCI Sənaye Təşkilatının iqtisadiyyat üzrə baş eksperti Henrik Maynke bildirib.

“Bu problem, xüsusilə həssas və spesifik kimya məhsullarının istehsalında ixtisaslaşan orta şirkətlərin seqmentində daha çox nəzərə çarpır”, - deyə ekspert vurğulayıb.

O əlavə edib ki, Almaniyanın kimya şirkətləri xammalı əsasən Asiyadan alır. İndi Qırmızı dənizdən yüklərin daşınması azalıb, bu isə tədarükdə gecikmələrə səbəb olur. Bundan əlavə, marşrutların dəyişməsi ilə əlaqədar xammal qiymətlərinin artması müşahidə edilir.