Külək, günəş və nüvə kimi aşağı emissiya mənbələrindən əldə edilən elektrik enerjisi növbəti üç il ərzində qlobal elektrik enerjisinə tələbat artımını qarşılamaq üçün adekvat olacaq.
AZƏRTAC “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, bərpa olunan enerji mənbələrindən istehsal sürətlə artır və gələn il nüvə enerjisindən elektrik enerjisi istehsalının rekord səviyyəyə çatacağı proqnozlaşdırılır.
Qlobal elektrik enerjisinə olan tələbat 2023-cü ildə inkişaf etmiş iqtisadiyyatlarda istehlakın azalması ilə əlaqədar olaraq 2,2 faiz olsa da, 2024-2026-cı illərdə qlobal iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən 3,4 faiz artacağı gözlənilir.
Elektrik enerjisinə artan tələbatın 85 faizi Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələri başda olmaqla inkişaf etmiş iqtisadiyyatların payına düşəcəyi ehtimal olunur.
Növbəti üç il ərzində qlobal elektrik enerjisinə tələbatın bütün artımının bərpa olunan enerji və nüvə də daxil olmaqla, aşağı emissiya mənbələri hesabına təmin ediləcəyi proqnozlaşdırılır. 2026-cı ilə qədər isə dünyada elektrik enerjisinin təxminən yarısının təmiz enerji mənbələrindən istehsal ediləcəyi təxmin edilir.
Günəş enerjisindəki sürətli inkişafın təsiri ilə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin 2023-cü ildə olan 30 faiz payının 2026-cı ildə 37 faizə yüksələcəyi gözlənilir.