Rusiya Ticarət-Sənaye Palatası Azərbaycanda fəxri nümayəndəsini təyin edib

Rusiya Azərbaycanda Ticarət-Sənaye Palatasının fəxri nümayəndəliyinin ofisini açır.

AZƏRTAC xəbər verir ki, Palatanın fəxri nümayəndəsi Mariya Suvorovskaya təyin olunub.

Fəxri nümayəndəliyin ofisi Bakıda artıq fevralda açılacaq. RF Ticarət-Sənaye Palatasının prezidenti Sergey Katırin “Biznes-Dialoq Media” MMC-nin baş direktoru, “Russian Business Guide” nəşrinin baş redaktoru, Moskvaətrafı Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü Mariya Suvorovskayaya Rusiya Palatasının Azərbaycanda qanuni maraqlarını təmsil etmək səlahiyyəti verib.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Azərbaycan və Rusiya 2026-cı ilədək iqtisadi qarşılıqlı fəaliyyət üzrə yol xəritəsini imzalayıblar. Sənəd ikitərəfli əməkdaşlığın, xüsusən də iqtisadiyyat, ticarət və investisiya, sənaye, kənd təsərrüfatı və qida təhlükəsizliyi, nəqliyyat və energetika kimi sahələrdə inkişafına yönəldilib.