Türkiyənin Bilişim Vadisi (İT vadisi) tərəfindən xaricdə həyata keçirilən ilk layihə Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə yaradılmış birgə texnologiya mərkəzi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Bilişim vadisinin baş direktoru Erkam Tüzgen bildirib.
“Biz təkcə Azərbaycanın texnoloji potensialının artmasına töhfə verməyə çalışmırıq, həm də “Bilişim Vadisi Bakı” Mərkəzində fəaliyyət göstərən Türk şirkətlərinə təkcə Azərbaycanda deyil, Orta Asiya ölkələrinin bazarlarında da tədqiqat və dizaynla məşğul olmağa, məhsul satmağa kömək etmək istəyirik”, - deyə E.Tüzgen qeyd edib.
Onun sözlərinə görə, nisbətən qısa müddətə baxmayaraq, AzTU-nun texnologiya mərkəzində fəaliyyət göstərən şirkətlərin sayı 28-ə çatıb.
“Biz toplanmış təcrübədən dünyanın digər yerlərində, o cümlədən Avropa və Afrikada da istifadə etməyə çalışırıq. Beş il əvvəl Bilişim vadisində fəaliyyət göstərən şirkətlər 1 milyon dollardan az məhsul ixrac edirdilər. Bu gün biz 600 şirkətin göstəricisindən danışırıq, onların bir hissəsi 50 milyon dollarlıq və daha çox məhsul satır. Bütün bunlar bizim səmərəli fəaliyyətimizin göstəricisidir”, deyə Bilişim vadisinin baş direktoru bildirib.