Taleh Kazımov: “Naxçıvan Bank”ın səhmdarlarının verəcəyi qərarın maliyyə sektoruna heç bir təsiri olmayacaq

“Naxçıvan Bank”ın portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bu da “Naxçıvan Bank”ın səhmdarlarının qərarına əsasən olub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AMB burada hər hansı bir problem görmür.

““Naxçıvan Bank”ın heç bir maliyyə problemi yoxdur. Nə dayanıqlığı, nə hansısa əməliyyat problemi yoxdur. Səhmdarlar bəlkə də hal-hazırda öz strategiyasını düşünürlər. Bazarda qalacaqlarmı, qalacaqlarsa hansı seqmentdə çalışacaqlar, necə böyüyəcəklər? Bank bəlkə portfelini satıb BOKT-a çevriləcək. Bunlar hamısı səhmdarlar tərəfindən müzakirə olunur. Bankın maliyyə balansı çox keyfiyyətlidir, hər hansı maliyyə problemi yoxdur. Onların qərarlarının da maliyyə sektoruna hər hansı təsiri olmayacaq. “Naxçıvan Bank”ın əmanətçilərinin vəsaiti digər banklarda olan əmanətlərin həcmindən kifayət qədər azdır”, - deyə AMB sədri əlavə edib.

Azərbaycanda fəaliyyət göstərən hər hansı bankın bağlanacağı ilə bağlı məsələyə də münasibət bildirən Taleh Kazımov qurumun hər hansı tələbi, sanksiya olduğu təqdirdə elan edildiyini bildirib: “Hal-hazırda hər hansı bir bankla maliyyə sabitliyinə təsir edəcək problemimiz yoxdur”.