Azərbaycan İqlim Dəyişmələri ilə mübarizəyə yönəlmiş beynəlxalq sazişlərdə fəal iştirak edir
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "İqlim Dəyişikliyi və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyəti" mövzusunda beynəlxalq konfrans zamanı bildirib.
"Son onillikdə dünyada iqlim dəyişikliyi əsas problemlərdən biri halına gəlib və bunun həlli üçün dünya liderləri, ekspertlər və mütəxəssislər beynəlxalq konfranslarda toplanaraq çıxış yolları axtarırlar. Azərbaycan bu proseslərdə fəal iştirak edir və bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum kimi bir sıra beynəlxalq tədbirlər təsdiqləyir. Foruma 40 ölkədən vergi idarələrinin nümayəndələri, Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Harvard da daxil olmaqla, aparıcı universitetlərin nümayəndələri qatılıb. Gündəlikdə sənaye sektorunda emissiyaların azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsinin dəstəklənməsi ilə bağlı karbon siyasətinin mühüm aspektləri müzakirə olunur", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişmələri ilə mübarizəyə yönəlmiş beynəlxalq Sazişlərdə fəal iştirak edir.
"1991-ci ildə ölkə BMT-nin iqlim dəyişmələri üzrə Konvensiyasına qoşulub, 2016-cı ildə isə Paris Sazişini ratifikasiya edib. Azərbaycanın Milli İqlim Planına əsasən, ölkə 2030-cu ilə qədər 1990-cı il səviyyəsi ilə müqayisədə istixana qazlarının emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb və 2050-ci ilədək azad edilmiş ərazilərdə "sıfır emissiya zonaları" yaradacaq. Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biri "yaşıl" iqtisadiyyatı dəstəkləməkdir ki, bu da hibrid avtomobillərin tətbiqini, köhnə nəqliyyat vasitələrinin utilizasiyasını və alternativ enerji mənbələrinin inkişafını əhatə edir. Bu gün ölkədə günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı bir sıra iri layihələr artıq həyata keçirilir, məsələn, Cəbrayılda xüsusi investisiyalarla maliyyələşdirilən günəş elektrik stansiyası layihəsi", - o, əlavə edib